“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb. 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

Odur ki, nazirliyə məxsus “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu bu gündən müvəqqəti dayandırılır.

 Bununla belə, qeyd etmək istərdik ki, Türkiyə, ABŞ və digər xarici ölkələrdən internet mağazalardan sifarişlərin çatıdırlmasını həyata keçirən Kargo şirkətlərinin fəaliyyətlərində dəyişiklik yoxdur və bu şirkətlər vasitəsilə daşımalar həyata keçirilə bilər.