Gündəlik alışlardan 3 qat kəşbək qazan!

Bu məqaləmdə sizlərə internetdən deyil, gündəlik alış-verişlərinizdən 3 qat kəşbəki necə qazana biləcəyiniz haqqında bəhs etmək istəyirəm. Qeyd edim ki, bu metoddan uzun müddətdir özüm də istifadə etdiyimdən, faydasını görmüş və buna görə də Bonapi.link oxucuları ilə də paylaşmalı olduğumu düşünürəm. Dərhal onu qeyd etmək istəyirəm ki, məqalədə qeyd olunmuş şirkət və məhsulların reklamını edilmir, ancaq öz təcrübəmə əsasən məhz bu xidmətlərdən istifadə edərək, cashback məbləğini artırmaq olduğundan tövsiyyə məqsədilə paylaşılmışdır.

Əsas məsələyə keçmədən, gəlin yekun hesablamanın daha aydın olması üçün xərcləyəcəyimiz bir məbləği təyin edək ki, nəticədə nə qədər pul və hədiyyə qazanacağımızı təqribi hesablaya bilək. Məsələn - 100 manat pul xərcləsək, nəticədə nə qədər kəşbək qazanacağımızı hesablayaq.

Artıq başlaya bilərik...


1. Mağazadaxili loyallıq proqramları 

Gündəlik alış-verişdən mağazaların hesabladıqları kəşbəklər. Şübhəsiz hal-hazırda çox sayda mağaza və ictimai iaşə obyektlərindən 15-20%-dək cashback almaq mümkündür. Ancaq, gəlin razılaşaq ki, gündəlik xərclərimizin böyük bir hissəsini supermarket alış-verişləri zamanı həyata keçiririk. Məhz buna görə də əsas olaraq supermarketlərin daxili və koalisiya loyallıq proqramları çərçivəsində öz müştərilərinə hesabladıqları geri qaytarılan pul məbləğləri üzərindən davam edəcəyik.

Hal-hazırda bir ölkəmizdə, əsasən də paytaxtda bir neçə supermarket şəbəkəsi fəaliyyət göstərir ki, bunların da hamısında demək olar ki, cashback miqdarı 1-2% arasında dəyişir. Supermarketlərdən alış-veriş edərkən cashback-i onların təqdim etdikləri kart və ya partnyorluq etdikləri loyallıq proqramları ilə toplamaq olur. Belə ki, ölkəmizdə fəaliyyət göstərən və əhali arasında geniş yayılmış Umico mobil tətbiqi vasitəsilə siz Bravo, Grandmart, Avromart, Starmart, Ballı market, Safastore, Bolluq və digər supermarketlərdən 1-1.5% cashback, Araz (Araz market, Favorit market, Spar market) və Bazarstore-da isə öz daxili loyallıq kartları vasitəsilə 2% cashback əldə edə bilərsiniz.

Bu məlumatlar əsasında onu demək olar ki, ilk xərcləyəcəyimiz yüz manatdan 1-2 AZN cashback qazandıq!

2. ƏDV Cashback

ƏDVgerial- yeni yaradılmış portaldan, Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq. Bundan sonra alış-veriş etdiyinizdə mağazalarda sizə təqdim edilən QR kodlu çeklərdə qeyd olunmuş Fiskal ID-ni qeydiyyatdan keçirtməklə nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15%-i, nağd əməliyyatlar üzrə isə 10%-i geri ala biləcəksiniz. Bu isə o deməkdir ki, xərcləyəcəyiniz hər manata görə, ödnilmiş 18% ƏDV-dən cashback ala biləcəksiniz. ƏDV cashback-in hesablanması üçün www.edvgeri.al saytında qeydiyyatdan keçməklə, hesabınızı aktivləşdirə və Fiskal İD-ni daxil etməklə, qazanacağınız cashback miqdarını öyrənə bilərsiniz.

ƏDV-dən cashback-in hesablanması üçün digər metod isə, KapitalBank-a aid BirBank mobil tətbiqində QR pay pəncərəsindən Çek üzərindəki QR kodu skan etməklə hesablamaq olar. Qeyd etmək lazımdır ki, çek üzərindəki kodu, çeki əldə etdikdən 90 dəqiqə sonra skan etmək olar. Buna görə də çek əldə etdikdən sonra, onu bir müddət özünüz ilə saxlamalı olacaqsınız. Toplanılmış məbləği isə hazırda mobil balansın artırılması, kommunal və cərimə ödənişləri üçün istifadə edə bilərsiniz. Yaxın gələcəkdə, portal vasitəsilə toplanmış vəsaitin, bank kartına köçürülməsi də mümkün olacaq.

ƏDV cashback-ini də hesablasaq, xərcləyəcəyiniz 100 manatın 18%-nin 10-15%-ni hesabladıqda - 1.8-2.7 AZN cashback qazanmış oluruq.

Bəli artıq cibimizdə 2.8-4.7 AZN cashback var. İndi isə cashback məbləğimizi artıracaq 3-cü əlavəyə keçməyin vaxtıdır.

3. Banklar tərəfindən verilən Miles və Cashback kartları.

Bu mövzu haqqında bir müddət öncə, Bonapi.link bloqunda onlayn alış-verişdən daha çox qənaət etmək məqsədilə iki hissəli məqalə yazılmışdır ( birinci hissə və ikinci hissəni - buradan oxuya bilərsiniz). Əgər oxumusunuzsa, nə demək istədiyimi artıq anlamışsınız. Oxumayanlar üçün isə aydınlıq gətirim; Banklar tərəfindən verilən müxtəlif növ cashback və miles kartlarından istifadə edərək ekstra imtiyazlar əldə edə bilərsiniz. Ancaq, araşdırmama görə bankların cashback kartları supermarketlər ilə dostluq etmir, lakin miles bu kateqoriyaya aid olmadığından istədiyiniz yerdə xərclədikdə miles xalları toplaya bilərsiniz.

Şəxsən özüm KapitalBank miles kartından istifadə etsəm də, Unimiles kartını da nəzərə alacağam. Beləliklə bu növ kartlar ilə alış-veriş etdikdə xərclədiyiniz hər manata görə 0.5-5 miles arasında xal qazana bilərsiniz. Topldadığınız miles xalları isə daha sonradan, aviabilet alışı zamanı əvəzləyə və həmin pulu geri almış olursunuz. Dolayısı ilə bu yolla cashback əldə edirik. Hesablamaya görə KapitalBank Miles kartı ilə topladığınız hər 65 miles - 1 AZN, Unimiles ilə isə 50 miles - 1 AZN ilə əvəz olunur. Bu isə o deməkdir ki, xərcləyəcəyimiz hər 100 manata görə, 100 miles əldə edə bilərik ki, bunu da AZN-ə konvertasiya etdikdə 2 AZN cashback əldə etmiş oluruq. 

Bonus olaraq, onu da qeyd etməliyəm ki, bu növ kartlarda miles xallardan əlavə, ürəklər və ballar da toplaya bilərsiniz ki, bu xalları da bank partnyorlarının xüsusi təkliflərinə dəyişə bilərsiniz. 

Nəhayət gəldik yekunumuza. Beləliklə, hər 3 üç metodu eyni anda istifadə etməklə - Mağazanın Cashback proqramı + ƏDV Geri al + Bank miles kartları vasitəsilə, xərcləyəcəyimiz hər 100 manata görə toplamda 6.7 AZN cashback qazana bilərik. Nəzərə alsaq ki, birinci metodda nümunə olaraq biz yalnız aşağı faizli supermarketdən alışları götürdüyümüzdən, cashback məbləği az görünə bilər. Lakin, burada daha yüksək (10-15%) faizli kəşbək təklif edən məhsul və xidmət satıcılarından alış-veriş etdiyimizdə, yekun məbləğ daha yüksək olacaq. Mağaza cashback proqramı və bank kartından alış-veriş anında, ƏDV-ni isə alış-verişdən 90 dəqiqə sonra hesabınıza əlavə edə bilərsiniz. Eyni zamanda onu da unutmayaq ki, bəzi satıcılar ƏDV ödəyicisi olmadıqlarından, onlarda edilmiş ödənişlərə görə ƏDV-dən pulu geri almaq mümkün olmayacaq. Bu barədə məlumatı çekin skan etdikdə sistem sizə məlumat verəcək.

Ümid edirəm paylaşdığım metod vasitəsilə xərclərinizə daha çox qənaət etmiş olacaqsınız. İnternetdən alış-veriş zamanı pulunuzu geri qaytarmaq üçün isə, Bonapi.link hər zaman köməyinizə çatacaq.