Sifarişim gecikir, nə etmək lazımdır?

  • Kategori

    Haberler

  • Tarih

    19-01-2020 12:01

Bayram və kampaniya müddətlərində onlayn alış-veriş mağazalarından edilən sifarişlərin həcmi artdığından, bir çox hallarda göndərilən məhsulların çatdırılmasında gecikmələr olur. Nəticədə gözlənilən məhsul 15-20 günə deyil 45-60 gün və daha gec müddətə gəlib çıxa bilər. Bu cür hallar əsasən Aliexpress, Banggood, Gearbest və digər Çin əsilli mağazalarla yanaşı, dünyanın əksər nöqtələrindən ABŞ, Türkiyə, Avropada fəaliyyət göstərən demək olar ki, bütün mağazalarda yaşanır.

Bəs bu halda nə etmək lazımdır? - sualını verirsinizsə o zaman ilk öncə problemin nədən qaynaqlandığını araşdıraq.

Səbəb #1. - Həddindən artıq sifarişlərin olunması.

Biz hər il 11.11, Black Friday və digər bayram ərəfələrində onlayn mağazaların yeni satış rekordlarını qıraraq, kimisi milyard dollarlarla ölçülən, kimisi bağlama sayı, kimisi müştəri sayına düşən sifariş həcminə görə inanılmaz satış həcmini aşdıqları barədə xəbərlərini eşidirik. Çox gözəl, satmağına satdınız, pulunuzu da aldınız. İndi isə bütün bu məhsulları çatdırmaq lazımdır. 

Məhz elə burda ilk problemlər yaşanır. Əksər hallarda bağlamalar ilk öncə onlayn mağazanın anbarına, daha sonra isə beynəlxalq poçt vasitəsilə aid olduqları ölkələrə göndərilirlər. Və əgər birinci halda satıcıların malları aksiya başlamamışdan əvvəl anbara göndərilməklə gecikmənin qarşısını ala bilsələr də, poçt xidmətində bütün bağlamaların işlənərək göndərilməsi, düşünüldüyündən daha çox zaman alır. Nəticədə adi günlərdə 10-15 günə çatdırılan mal, həddindən artıq yüklənmə olduğundan, gecikə və hətta itə bilər.

Səbəb #2. - Yerli Poçt daşımanın problemləri.

Tutalım bağlamanız nəhayət ki, göndərən ölkənin poçt xidməti tərəfindən göndərildi. Lakin, həmin bağlama göydən bir-başa sizin qapınıza düşməyəcək. İlk olaraq gömrük yoxlaması, daha sonra isə Mərkəzi Poçtun anbarında toplanaraq, aidiyyatı olan poçt bölmələrinə göndərilməsi lazımdır. 

Bu halda Azərpoçt nə qədər çalışsa da, eyni anda gələn çoxsaylı bağlama və ardıyca dayanmadan gələn digər bağlamaların hamısını sistemə işləyə bilmirlər. Buna görə də bəzən ilk sifarişdən bir ay sonra edilmiş sifariş, daha tez gələ, digər bağlamanın izlənməsi isə yarı yolda qala bilər.

Təbii ki, bu iki səbəbdən də fərqli digər səbəblər mövcuddur.  Məsələn, qeyd olunmuş problem ilə İsrail vətəndaşları (əminəm ki, digər ölkələrdə də eyni problemdir) da üzləşib. Belə ki, Noyabr ayından Amazondan edilmiş sifarişlərin əksəriyyəti hələ də sifarişçilərə çatdırılmayıb. Səbəb isə həm poçt xidmətlərində gecikmə, həm də gömrükdə xarici onlayn mağazalardan edilmiş sifarişlərin yoxlanılmasında yeni qaydaların təsdiqi olmuşdur.

15 illik internetdən alış-veriş təcrübəm əsasında onu deyə bilərəm ki, gecikən bağlamaların 80%-i gec-tez gəlib çatır. Hətta satıcı ilə disput açaraq, pulumu geri alsam belə, bir həftə sonra bağlama gəlib. 


O zaman növbəti addımımız nə olmalıdır? 

Sosial şəbəkələrdə bu növ sualı verdikdə, digər qrup iştirakçıları adətən, disput açaraq, pulu geri almağı tövsiyyə edirlər. Mənə görə bu yanlış addımdır, izah edim niyə?!

Məsləhət #1 

Satıcı məhsulu göndərib - 99% halda satıcı, ödənişi alaraq, bağlamanı göndərir və poçt izləməsini də təqdim edir. Lakin, naməlum səbəblərdən bağlama itirsə, dərhal günahkar kimi satıcının üzərinə hücum edərək, pulu tələb etmək ən azından etik olaraq yanlışdır. Əksər internet mağazada, məhsulun gəlib çatması üçün tələb olunandan daha çox zaman verilir və əgər bu zaman bitmək üzərədir, bağlamanız isə hələ də gəlməyibsə, üstəlik sifarişiniz yüksək alıcılıq dövrünə düşübsə, satıcı ilə danışaraq, gözləmə vaxtını uzada bilərsiniz. 50-60 gün gözləmisinizsə, əlavə 10-15 günün ziyanı olmaz.

Bununla siz həm satıcıya, həm də vasitəçi olan onlayn mağazaya, problemi başa düşdüyünüzü və həll etmək istədiyinizi göstərəcəksiniz. Bu addıma görə satıcıdan növbəti sifarişdə endirim və ya kupon kodu ala bilər, alış-veriş platformasının (məs. Aliexpress) gözündə isə vicdanlı alıcı kimi görünəcək və növbəti oxşar hallarda daha sürətlə problemlərinizin həllinə əmin ola bilərsiniz.

Nəhayət əgər, əlavə zaman da çıxdıqdan sonra, məhsul gəlməzsə, o zaman pulunuzu tələb etməkdə, haqqlı olacaqsınız.

Məsləhət #2

Mən başa düşürəm zəmanə elə zəmanədir ki, heç kəs yerindən tərpənmək istəmir, isti divanda oturub bir iki kliklə sifarişini edib gözləyirsiniz ki, hər şey evinizə gətiriləcək. Ancaq, yuxarıda qeyd etdiyim kimi, poçt xidmətlərinin işi hələ də ideal səviyyədə deyil. Buna görə də gecikən bağlamaların İzləmə kodunu (tracking no.) ya yerli poçt şöbəsində, ya da Poçt Daşıma Mərkəzinə təqdim edərək, axtarmalarını istəyə bilərsiniz.

Şəxsən mən 2 dəfə məhz bu yolla gəlib çatmamış bağlamanı poçtdan axtararaq, götürə bilmişəm. Buna görə də gecikmə hallarında tələsməməyi və məntiqli addımlar ataraq məsələni həll etməyi tövsiyyə edirəm. Yəqin ki, bəzi satıcıların Azərbaycana məhsul satmadıqları və ya göndərmədiklərini də görmüsünüz. Əslində ilk səbəb məzh göndərilən məhsulların itməsi, geri qaytarılması və ya disput açılaraq pulun geri alınmasından yaranır.

Əlavə olaraq unutmayın ki, onlayn alış-veriş zamanı Bonapi.link ilə cashback qazansanız belə, məhsulun geri qaytarılması, qazanılmış cashback-in ləğvinə səbəb ola bilər.